14 Dekabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

Sığorta-pensiya sisteminin əhatəliliyi

14px12px



Yeni sığorta-pensiya sisteminə keçidin xarakterik xüsusiyyətlərindən biri əvvəlki sistemlə əhatə olunmuş insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyasıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanına uyğun olaraq, əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış və onların yeni sistemin iştirakçısına çevrilməsi, o cümlədən pensiyaların artımı və indeksləşdirilməsinin yeni qaydaları ilə əhatə olunmaları təmin edilmiş, onlara pensiyaya çıxdıqdan sonrakı əmək fəaliyyətlərinin nəticələrinə görə pensiya kapitalını artımaq imkanları da verilmişdir. Bununla yanaşı, 100 min nəfərdən çox işləyən pensiyaçıya yaşa görə əmək pensiyasının 50 faizi həcmində ödənilməsi kimi mənfi praktika aradan qaldırılmış və onlar öz pensiyalarını tam məbləğdə almağa başlamışlar. 

2007-ci il yanvarın 1-dən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin və dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilmişdir. Bu tədbirlər nəticəsində hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçularının yeni sığorta-pensiya sisteminin üstünlüklərindən (Fondun hesabına plastik kartlarla ödənilməsi, natamam hərbi xidmət müddətinin pensiya məbləğlərinə təsirinin təmin olunması, hərbi qulluqçular və dövlət qulluqçularının gələcəkdə sığorta-pensiya sistemində yığım komponentinin tətbiqində iştirakı və s.) istifadə etmələrinə imkan yaradılmışdır. 

İşləyənlərə pensiya və sosial sığorta müavinətlərinin verilməsi də yeni qaydalarla əhatə olunmuşdur. Həyata keçirilən islahat tədbirlərinə uyğun olaraq, 2006-cı il 01 yanvarından etibarən məcburi dövlət sosial sığorta haqları hesabına müəssisə və təşkilatlar tərəfindən aparılan sosial ödəmələrin idarə olunmasının Dövlət Sosial Müdafiə Fonduna verilməsi nəticəsində işləyənlər üzrə pensiya və müavinətlərin ödənişinin iş yerlərindən aparılması səbəbindən yaranan problemlər, o cümlədən sosial ödənişlər üzrə borc yaranması halları aradan qaldırılmış, bu ödəmələrin yeni əsaslarla təşkili və plastik kartlarla həyata keçirilməsi təmin edilmişdir. 

Xaricdə çalışan azərbaycanlıların gələcək sosial müdafiəsi yeni sistemin tətbiqində həllinə çalışılan məsələlərdən biridir. Azərbaycanda bu problemin həlli yolu ilk növbədə ölkəmizdə əcnəbilərin fərdi uçot sistemi ilə əhatə olunması, sonra isə ikitərəfli müqavilələrlə qarşılıqlı pensiya təminatı proseslərinə qoşulmaqdan keçir. Ölkəmizdə belə sistem artıq fəaliyyətə başlayıb. 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Hazıradək 12 898 əcnəbi vətəndaş fərdi uçot sistemində qeydiyyatdadır və bu proses davam etdirilir. Dövlət Sosial Müdafiə Fondunun qarşıdakı dövrdə başlıca vəzifəsi qeyd olunan sahədə ikitərəfli müqavilələrin bağlanmasıdır. 

Vahid sığorta-pensiya sisteminin kifayət qədər əhatəliliyinin təmin edilməsi hesabına, hazırda, Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 273 270  nəfər pensiyaçı və 2 milyon 47 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır.





23285 - dəfə oxunulub
10404
144091
17168906