19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

Vahid sığorta-pensiya orqanının fəaliyyətinin təşkili

14px12px



Pensiya İslahatı Konsepsiyasının icrası və onun yerinə yetirilməsinin təşkilatı-idarəetmə bazasının yaradılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 26 dekabr 2001-ci il tarixli 616 nömrəli və “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” 04 avqust 2003-cü il tarixli 908 nömrəli fərmanları mühüm rol oynamışdır. Birinci fərmanla ölkəmizdə məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əsası qoyulmuş, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun funksiyalarında mühüm dəyişiklik edilərək ona fərdi uçotu həyata keçirmək səlahiyyəti verilmişdir. İkinci fərmanla isə pensiyaların təyini və maliyyələşdirilməsi funksiyalarının məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən orqan tərəfindən icra olunmasını təmin etmək məqsədilə vahid sığorta - pensiya qurumunun yaradılması müəyyənləşdirilmişdir. Bununla da Pensiya İslahatı Konsepsiyasının “Ölkədə pensiya sisteminin idarə olunması yeni təşkil olunacaq icra orqanında cəmləşəcəkdir. Bu orqan pensiya haqlarının yığılması, fərdi uçotun işlənməsi və həyata keçirilməsi,pensiyaların təyin edilməsi və ödənilməsinə nəzarət, gəlirlərin və pensiya xərclərinin səviyyələrində dəyişikliklər haqqında təfsilatı statistik məlumatın yığılması işlərini həyata keçirəcəkdir” müddəası tam gerçəkləşmişdir. Halbuki, Azərbaycandan xeyli əvvəl yeni sistemə keçmiş qonşu ölkələrdə sosial sığorta haqlarının toplanmasının fərdi uçotu və pensiya təminatını aparan orqan tərəfindən icrasına, daha doğru addım kimi, yalnız son illərdə başlanılmışdır. 

Ötən dövr ərzində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulmuşdur. Fondun yerli şöbələrinin yeni inzibatı binaları istifadəyə verilmiş, hər bir binada müasir informasiya texnologiyalarına əsaslanan lokal şəbəkə qurulmuşdur. Dünya Bankının vəsaiti hesabına ən müasir 1600 dəst kompüter avadanlığı aınaraq sistemdəki kompüterlərin sayı 2280-ə çatdırılmış və beləliklə, 1 işçiyə 1 kompüter prinsipi ilə müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmışdır. 

Yeni sistemin əsas məzmunu olan sığortaolunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq, vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsasən aparılması sahəsində işlər müvəffəqiyyətlə yerinə yetirilməkdədir. 2012-ci ilin 1 iyul tarixinə 2 milyon 47 mindən artıq sığortaolunana (bunlardan 12 min 898 nəfəri xarici ölkələrin vətəndaşlarıdır) sosial sığorta nömrəsi verilmiş, onlar üçün fərdi hesab açılmışdır.

İslahatların mühüm həlqəsi kimi 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunmuşdur. Hazırda pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99,0 %-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,4 %-nin pensiyasının plastik kartla ödənilməsi təmin olunub. Bu məqsədlə ümumilikdə 527 bankomat qurularaq istifadəyə verilmişdir. Bu göstərici üzrə Azərbayan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur. 

Bunların nəticəsi kimi, 2004-cü ilin sentyabrında ölkəmiz Beynəlxalq Sosial Тəminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə isə Assosiasiyanın “Avropa şəbəkəsi” nin rəhbəredici komitəsinin üzvü seçilmişdir. 2009-cu ilin mart ayında Afina şəhərində BMТ-nin İnkişaf Proqramının Şərqi Avropa və Orta Asiya ölkələrində demokratik idarəetmənin formalaşdırılmasına həsr edilmiş toplantısında Dövlət Sosial Müdafiə Fondunun işinin xüsusi təqdimatı olmuş və sonradan həmin təqdimat BMТ-nin vebsaytında geniş işıqlandırılmışdır. Azərbaycan pensiya və sosial təminat layihəsinin icrasına nəzarət etmək məqsədilə 2009-cu ilin noyabrında ölkəmizdə olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və Fondun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks etdirilmişdir.





12222 - dəfə oxunulub
2386
201806
16632579