19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

Sığorta-pensiya sistemi və dövlət sosial yardımı sisteminin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi

14px12px




Artıq 100 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində fərqli quruluş və formada fəaliyyət göstərən pensiya sistemləri təkmilləşdirilir, dövlətlər bu sistemlərin təşkilinə aid özlərinin strategiya və taktikasını dəyişməkdə davam edirlər. Bu təkmilləşmə və dəyişmələr, təbiidir ki, işəgötürmənin əmək-sosial şərtlərinin dəyişməsi, eləcə də pensiya-sığorta sistemlərinin cəmiyyətdəki roluna dair təsəvvürlərin yeniləşməsi ilə izah olunur. Lakin bütün hallarda bu sistemin qarşısında duran başlıca vəzifələr-yaşlı adamlar arasında yoxsulluğun azaldılması, qocalığa, əlilliyə və digər sosial sığorta hadisələrinə görə itirilmiş gəlirlərin mümkün qədər yuxarı səviyyədə kompensasiyası vəzifələri dəyişməz qalır və onların təmin olunması humanitar sferanın müasir nailiyyətləri sırasında mühüm yer tutur.

Pensiya sistemlərinin ilkin formalaşması dövründə pensiyalar sabit məbləğdə müəyyənləşdirilirdisə, bir qədər sonra buraya əməkhaqqı ilə bağlı pensiyalar, ödənilən sosial sığorta haqlarının fərdi uçotuna və indeksasiyasına əsaslanan pensiyalar, nəhayət, sosial sığorta haqlarının fərdi hesablarda real yığılmasına və bu vəsaitin yerləşdirilməsinə əsaslanan pensiyalar əlavə olundu. Başqa sözlə, sığorta prinsiplərinə əsaslanan pensiya sisteminin ədalətliliyini artırmaq istiqamətində atılan addımlar pensiyaların məbləğinin hər kəsin sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsi tezisini ortaya çıxardı və bu da sığorta-pensiya sistemlərinin inkişafının ən müasir istiqamətlərini təyin etdi. Beynəlxalq praktikada bunun üçün hər bir sığortaolunana fərdi hesabın açılaraq ödənilən sığorta haqlarının həmin hesabda fərdi uçotunun qurulması, vətəndaşların pensiya təyinatının bu uçotun məlumatları əsasında aparılması nəzərdə tutulur. Qeyd edilən sistemə qoşulmaq iqtidarında olmayan insanların isə dövlət büdcəsi hesabına sosial müavinət və sosial yardımlarla əhatə olunması düzgün addım sayılır.

Ümummilli liderimiz Heydər Əliyevin təyin etdiyi islahat istiqamətlərinə uyğun olaraq, ölkəmizdə də sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri müəyyənləşdirilmişdir. Bu məqsədlə 2001-ci ilin noyabrında "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanun qəbul edilmiş, 2006-cı ilin 1 yanvarından isə 3 qanun - "Əmək pensiyaları haqqında", "Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar qüvvəyə minmişdir. Beləliklə, hər iki sistemin fəaliyyətini təmin edəcək qanunvericilik bazası yaradılmışdır. Hazırda sığorta-pensiya sistemi 3 qanun ("Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "Əmək pensiyaları haqqında" qanunlar), dövlət sosial yardım sistemi isə ayrıca 2 qanun (“Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar) əsasında fəaliyyət göstərir.





16751 - dəfə oxunulub
2389
201809
16632582