14 Dekabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

Azərbaycan Respublikasında pensiya islahatı Konsepsiyası

14px12px

Azərbaycan Respublikasında pensiya islahatı
Konsepsiyası

Azərbaycan Respublikası Prezidentinin
17 iyul 2001-ci il tarixli
767 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi həyata keçirilən sosial-iqtisadi siyasətin öncül istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir.

1996-cı ildən başlayaraq ölkənin iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratmışdır.

Son illər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əmək haqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunların nəticəsində 1995-2000-ci illərdə işləyənlərin orta aylıq nominal əmək haqqı 3 dəfə, orta aylıq pensiyanın məbləği 4 dəfə artmışdır.

Bununla yanaşı əmək haqqının və pensiyanın orta aylıq məbləği hələlik əhalinin tələbatını tam həcmdə ödəmək səviyyəsində deyildir. Eyni zamanda pensiya sisteminin idarə olunması, pensiyaların müəyyən edilməsi və əhaliyə verilməsi mexanizmi günün tələblərinə cavab vermir. Bu baxımdan vətəndaşların pensiya təminatının onların minimum həyat səviyyəsinin ödənilməsi səviyyəsinə çatdırılması və bütövlükdə pensiya işinin müasir tələblərə uyğun qurulması ölkədə pensiya islahatının aparılmasını zəruri edir.

Pensiya islahatı vətəndaşların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə aşağıdakı mühüm problemlərin həllinə yönəldilir:

-         vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması;

-         pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla, əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması;

-       pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılmasının və məqsədyönlü istifadəsinin təmin edilməsi;

-        pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin artırılması;

-         sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması.

Yuxarıda göstərilən əsas məqsədə nail olmaq və qarşıda duran problemləri həll etmək üçün pensiya islahatının aşağıdakı prinsiplər əsasında həyata keçirilməsi nəzərdə tutulur:

-         məcburi sosial sığorta haqqının bütün işəgötürənlər və işləyənlər tərəfindən ödənilməsi;

-         vətəndaşların minimum yaşayış səviyyəsini təmin edən pensiyaların müəyyən edilməsi;

-         vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş sosial təminat hüququnun yerinə yetirilməsi;

-        sosial təminat sisteminin idarə olunmasında aşkarlığı təmin etmək məqsədilə ictimai nəzarətin aparılması;

-         mülkiyyət formasından asılı olmayaraq pensiya təşkilatlarının fəaliyyətinə bərabər şəraitin yaradılması;

-        məcburi dövlət sosial sığorta haqları üzrə işə götürənlər və işçilər tərəfindən ödənilən tariflər arasında mütənasibliyin gözlənilməsi.

Ortamüddətli perspektivdə pensiya islahatı siyasəti üçnövlü pensiya təminatı sisteminin təşkilinə yönəldilməlidir. Birinci növ pensiya təminatı məcburi dövlət sığorta sistemini təşkil edən əmək pensiyasını nəzərdə tutur. Əmək pensiyası islahatına aşağıdakı prinsipial tələb qoyulmalıdır:

-         pensiyanın məbləği sığortanın davamiyyətindən və sığorta haqqının miqdarından asılı olan və verilmə şərtləri hər bir konkret şəxsin sosial sığortada iştirakı zamanı ödədiyi vəsaitin həcminə uyğun olmalıdır;

-        pensiyanın miqdarı və vətəndaşın pensiya hüququ müəyyən edilərkən sığorta haqqının ödənilməsi ilə bağlı olmayan dövrlər nəzərə alınmamalıdır;

-         dövlət sosial sığorta sistemində vaxtından tez pensiyaya çıxmaq üzrə güzəştlər məhdudlaşdırılmalıdır. Vaxtından əvvəl pensiyaya çıxmaqla bağlı əlavə xərclər işəgötürənlər tərəfindən maliyyələşdirilməlidir.

Pensiya təminatı sisteminin ikinci növü birinci növlə əhatə olunmayanlara, yaxud əmək pensiyası almayanlara sosial kömək göstərməsini nəzərdə tutur. İlk iki növ pensiya qocaların, əlillərin və ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinin həyata keçirilməsi məqsədinə xidmət edir.

Pensiya təminatı sisteminin üçüncü növünü qeyri-dövlət pensiyaları təşkil edir. Qeyri-dövlət pensiya sisteminin formalaşmasını və inkişafını dövlətin nəzarəti altında həyata keçirmək nəzərdə tutulur.

Ölkədə pensiya sisteminin idarə olunması yeni təşkil olunacaq icra orqanında cəmləşəcəkdir. Bu orqan pensiya haqlarının yığılması, fərdi uçotun işlənməsi və həyata keçirilməsi, pensiyaların tə`yin edilməsi və ödənilməsinə nəzarət, gəlirlərin və pensiya xərclərinin səviyyələrində dəyişikliklər haqqında təfsilatı, statistik mə`lumatın yığılması işlərini həyata keçirəcəkdir.

Azərbaycan Respublikasında pensiya islahatı bu sahədə yeni hüquqi bazanın yaradılmasını, sosial sığorta haqlarının yığılmasının təkmilləşdirilməsini, pensiya ödənişlərinin ünvanlılığını və onların vaxtında vətəndaşlara çatdırılmasını təmin edən mexanizmin yaradılmasını, pensiya sistemində idarəetmə orqanlarının strukturunun yenidən qurulmasını nəzərdə tutur. Eyni zamanda pensiya islahatının əsas mahiyyətini, onunla bağlı görülən işlərin əhəmiyyətini əhalinin nəzərinə çatdırmaq məqsədilə pensiyaçılar, işəgötürənlər və işçilər arasında geniş məlumatlandırma işləri aparılmalıdır.

Pensiya islahatı 2001-2005-ci illəri əhatə etməklə mərhələlərlə həyata keçiriləcəkdir. Birinci mərhələdə pensiya təminatının qanunvericilik bazasının yaradılması nəzərdə tutulur. Bununla bağlı 2001-ci ildən başlayaraq "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası qanununun yeni redaksiyada işlənib hazırlanması, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununa dəyişiklik və əlavələrin edilməsi, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası qanununun işlənib hazırlanması, habelə qeyri-dövlət pensiya fondları haqqında qanunvericilik aktlarının hazırlanıb təqdim olunması nəzərdə tutulur.

Pensiya islahatının ikinci mərhələsində pensiya sisteminin əsasını təşkil edən fərdi uçotun yaradılması üzrə işlərin aparılması, o cümlədən pensiya hesablamaları, vəsaitin yığımı və bütövlükdə pensiyaların müəyyənləşdirilməsi sahəsində avtomatlaşdırılmış sistemin hazırlanması və tətbiqi təmin edilməlidir.
Üçüncü mərhələdə fərdi uçotun yaradılması ilə bağlı əmək qabiliyyətli işçilərin gəlirləri və pensiyaların tə`yin edilməsi üçün lazım olan digər göstəricilər barədə məlumat toplanmalıdır. Dördüncü mərhələdə pensiyaların fərdi uçot sənədləri əsasında hesablanmasına başlanılmalıdır.

Pensiya islahatının nəticəsi ölkənin ümumi sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına kömək etməlidir. Yeni sistem bütün vətəndaşlar üçün pensiya təminatında bərabər şərtlərin yaradılmasına və qazanılmış pensiya hüquqlarının reallaşdırılmasına təminat verməlidir.

Pensiya təminatı normalarının təkmilləşdirilməsi bu sahədə bir sıra təxirəsalınmaz problemlərin həlli üçün vəsaitin azad olunmasına imkan yaradır.

Qeyri-dövlət könüllü pensiya təminatının inkişafı maliyyə vəsaitinin yığılmasına və onun istehsalın inkişafı üçün istifadə olunmasına şərait yaradır. Pensiya islahatı həmçinin əməyin ödənilməsi sisteminə və müvafiq olaraq əmək bazarına müsbət təsir etməli və bütövlükdə iqtisadiyyatın struktur cəhətdən yenidən qurulmasına kömək göstərməlidir.

Azərbaycan Respublikasında pensiya islahatının
həyata keçirilməsi mərhələləri

Pensiya təminatı ilə bağlı qanunvericilik aktlarının hazırlanması

 

o cümlədən:

"Vətəndaşların pensiya təminatı haqqında" yeni qanunun hazırlanması

aprel-iyul 2001-ci il

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunun hazırlanması

aprel-iyul 2001-ci il

Könüllü şəxsi pensiyaların institusional inkişafı üçün qanunvericiliyin hazırlanması

2001-ci ilin sonunadək

Sosial sığorta haqqında Azərbaycan Respublikası qanununa dəyişikliklər və əlavələr edilməsi

aprel-may 2002-ci il

Pensiya maliyyə sisteminin idarəedilməsi üzrə avtomatlaşdırılmış sistemin layihəsinin hazırlanması

iyul 2001-ci il-iyul 2002-ci il

Fərdi uçot sisteminin yaradılması üçün lazımi avadanlığın quraşdırılması, proqram təminatının və iş yerlərinin hazırlanması

2001-ci il-may 2003-cü il

Yeni avtomatlaşdırılmış yığım sisteminin işlənib hazırlanması

dekabr 2001-ci il-may 2003-cü il

Pensiya maliyyə sisteminin idarəedilməsi üzrə yeni avtomatlaşdırılmış sistemin quraşdırılması

sentyabr 2002-ci il-avqust 2003-cü il

Pensiya hesablamalarının avtomatlaşdırılması üzrə sistemin layihəsinin hazırlanması və tətbiqi

dekabr 2002-ci il-may 2004-cü il

Sığorta olunanların fərdi hesablarının pensiyaçılara paylanması

iyul 2003-cü il-iyul 2005-ci il

İşçilərin fərdi gəlirləri haqqında mə`lumatın yığılması

2003-cü ilin axırlarından başlayaraq

Mövcud pensiyaçılar haqqında mə`lumatların yeni sistemə keçirilməsi

2004-cü il

Pensiyaların təyin edilməsi üçün əmək qabiliyyətli əhalinin əvvəlki iş stajı haqqında məlumatın yığılması

2005-ci ilin yanvarından başlayaraq

Fərdi uçota dair məlumata əsaslanan pensiyaların hesablanmasına başlanması

2005-ci il

Yeni pensiya orqanının tam fəaliyyətə başlaması

2005-ci il

Yeni sistemdə pensiyaların təyin edilməsinin avtomatlaşdırılması nəzərdə tutulur ki, buna da respublika ərazisində sığortaolunanların fərdi uçotu sisteminin qurulması vasitəsi ilə nail olunacaqdır.

"Vətəndaşların pensiya təminatının onların minimum həyat səviyyəsinin ödənilməsi səviyyəsinə çatdırılması və bütövlükdə pensiya işinin müasir tələblərə uyğun qurulması ölkədə pensiya islahatının aparılmasını zəruri edir"
(«Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 767 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
pensiya islahatı Konsepsiyası" ndan)


AZƏRBAYCANDA PENSİYA İSLAHATININ MƏQSƏDİ:

- vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə nail olunması;

- pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla, əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması;

- pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılmasının və məqsədyönlü istifadəsinin təmin edilməsi;

- pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliyinin artırılması;

- sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması.

PENSİYA İSLAHATININ HƏYATA KEÇİRİLMƏSİ MƏRHƏLƏLƏRİ:

Pensiya islahatı 2001-2005-ci illəri əhatə edəcəkdir.

- Birinci mərhələdə pensiya təminatının qanunvericilik bazasının yaradılması nəzərdə tutulur. Bununla bağlı 2001-ci ildən başlayaraq "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası qanununun yeni redaksiyada işlənib hazırlanması, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanununa dəyişiklik və əlavələrin edilməsi, 'Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası qanununun işlənib hazırlanması, habelə qeyri-dövlət pensiya fondları haqqında qanunvericilik aktlarının hazırlanıb təqdim olunması nəzərdə tutulur.

- Pensiya islahatının ikinci mərhələsində pensiya sisteminin əsasını təşkil edən fərdi uçotun yaradılması üzrə işlərin aparılması, o cümlədən pensiya hesablamaları, vəsaitin yığımı və bütövlükdə pensiyaların müəyyənləşdirilməsi sahəsində avtomatlaşdırılmış sistemin hazırlanması və tətbiqi təmin edilməlidir.

- Üçüncü mərhələrdə fərdi uçotun yaradılması ilə bağlı əmək qabiliyətli işçilərin gəlirləri və pensiyaların təyin edilməsi üçün lazım olan digər göstəricilər barədə məlumat toplanmalıdır.

- Dördüncü mərhələrdə pensiyaların fərdi uçot sənədləri əsasında hesablanmasında başlanılmalıdır.

PENSİYA İSLAHATI NƏ VERƏCƏK

Bu günkü pensiyaçılara- Pensiya məbləğinin artırılmasının əmək haqqının artımından asılı olaraq yenidən hesablanması imkanı.

İndiki çalışanlara və ya gələcək pensiyaçılara- Yeni sistem bütün vətəndaşlar üçün pensiya təminatında bərabər şərtlərin yaradılmasına və qazanılmış pensiya hüquqlarının reallaşdırılmasına təminat verəcəkdir.

 






30207 - dəfə oxunulub
10397
144084
17168899