19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

2016-cı il

14px12px

04.03.16

Bakıda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Caspian European Club (Caspian Business Club) biznes forum keçirib

Martın 4-də Caspian European Club-un (Caspian Business Club) Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin iştirakı ilə Bakıda keçirilmiş biznes-forumunda Azərbaycanda yığım pensiya planlarının tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı məsələlər  müzakirə olunub.
 
Biznes-forumda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi imkanların ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir.
 
E.Mehdiyev vurğulayıb ki,  Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Bu sahədə mühüm vəzifələrin icrasını hədəfləyən və növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” ölkənin pensiya sistemini təkcə sosial öhdəliklərdən çıxış edən təsisat kimi deyil, bütövlükdə iqtisadiyyatın əsas həlledici həlqəsi kimi nəzərdən keçirir. 
 
Azərbaycanın sığorta-pensiya sistemi qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır və bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəflənir ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır. 
 
Göstərilən vəzifələrin həlli üçün Azərbaycanda real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın əsas istiqamələrindən birini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur.
 
Bu məqsədlə beynəlxalq ekspertlərlə birgə ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində hazırlanan dövlət sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqinə dair və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilinə aid iki yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdıran Fond sədri bildirib ki, həmin qanun layihələrində könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmışdır. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqi də nəzərdə tutulmuşdur.
 
İqtisadi münasibətlərdə yeni bazar iqtisadiyyatı aləti olan yığım pensiya planlarının təşəkkül tapması ilə birincisi, maliyyə bazarı iştirakçılarına (özəl fondlar və ya banklar) davamlı likvidliyi qorumağa və “uzun pullar” əldə etməyə imkan verən iqtisadi mühitin formalaşdırılması, ikincisi idarəetmədən gələn gəlirlərin pensiya şəklində vətəndaşa çatdırılmasını əks etdirən birbaşa nəticənin olması, üçüncüsü uzun müddətli səmərə hesab olunan ölkənin pensiya sistemini gələcək maliyyə dayanıqlığı və əvəzetmə əmsalının artımının əldə edilməsi hədəflənir.
 
Görüş zamanı biznes-forum iştirakçılarının sözügedən mövzu ilə bağlı təklifləri və Caspian European Club (Caspian Business Club) üzv şirkətlərini maraqlandıran suallar müzakirə olunub.
 
Biznes-forumda çıxış edən Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Club (Caspian Business Club) üzvlərinin təklif və xahişlərinə göstərilən diqqətə görə Elman Mehdiyevə təşəkkürünü bildirib. 

Biznes-forum çərçivəsində Caspian European Club ilə (Caspian Business Club) Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıqla bağlı memorandum imzalanıb. Memorandumu Caspian European Club (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova imzalayıblar. 
 
Telman Əliyev qeyd edib ki, Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dənizi regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edilib. Caspian European Club-un (Caspian Business Club) Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. 

T.Əliyevin sözlərinə görə, Caspian European Club (Caspian Business Club) yarandığı ilk gündən neft sahəsindən əldə edilən gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır. 
 
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə Caspian European Club-un (Caspian Business Club) fəxri üzv sertifikatı təqdim olunub. Weir Oil & Gas şirkətinə Caspian European Club-un (Caspian Business Club) yeni üzv sertifikatı verilib. Caspian European Club-un (Caspian Business Club) biznes forumunda Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik qurumların nümayəndələri, səfirlər və şirkət rəhbərləri iştirak ediblər.
 





2554 - dəfə oxunulub
2342
201762
16632535