19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

Ətraflı məlumat


Sosial sığorta

Sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Məcburi dövlət sosial sığortası

Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur.

Məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri

Məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri - özünü və ya başqasını sosial sığortaedən şəxslərdir.

Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının  uçotu

Qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə  qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan,  mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) bağlandıqdan sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında uçota durmalıdırlar.

“Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 25 oktyabr tarixli 2458 nömrəli Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir.

                Buna müvafiq olaraq kommersiya hüquqi şəxslərinin, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə Dövlət Sosial Müdafiə Fondu orqanlarında uçotu Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

Kommersiya hüquqi şəxs- əsas məqsədi mənfəət götürməkdən ibarət olan qurumdur.

Qeyri-kommersiya hüquqi şəxs- əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və ya götürülən mənfəəti iştirakçılar arasında bölüşdürməyən qurumdur.

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər aşağıdakılardır:

  • Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;
  • Əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslərAzərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər ;
  • seçkili ödənişli vəzifələrdə işləyənlər;
  • hərbi qulluqçular ;
  • xüsusi rütbəli şəxslər ;
  • prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri;
  • vergi orqanlarının işçiləri;
  • vəkillər kollegiyasının üzvləri;
  • fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
  • Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunmurlar.
  • Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar.

 

 
 

 Məcburi dövlət sosial sığorta haqqının tutulma obyekti

Muzdlu əməklə və sahibkarlıq fəaliyyəti ilə bağlı olan gəlirlər məcburi dövlət sosial sığorta haqqının tutulma obyektidir.

Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə aşağıdakılar aiddir:

  • muzdlu işlə bağlı olan gəlir-əmək ödənişi;
  • muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir-sahibkarlıq fəaliyyətindən gəlir.

 Əmək ödənişi və digər gəlirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün növ əmək haqqı və əmək haqqına əlavələrin növləri (mükafat, məzuniyyət haqqı və s.), sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir və digər ödənişlər aiddir.

Sığortaedən əməyin natura formasında ödənişini həyata keçirdikdə, yəni əmək haqqı əvəzinə mallarını, işlərini və xidmətlərini işçiyə (sığortaolunana) verdikdə, məcburi dövlət sosial sığorta haqqı həmin məhsulların (işlərin, xidmətlərin) bazar qiyməti ilə ifadə olunan dəyərinə (məsələn, kənd təsərrüfatı sahələrində işləyənlərə taxıl, meyvə və s. şəklində, tikiş fabrikində işləyənlərə parça şəklində, karamel fabrikində işləyənlərə qənnadı məmulatları şəklində, çörək məmulatları müəssisəsində işləyənlərə çörək şəklində və s. ödənilən məhsulların dəyəri) uyğun hesablanır.

 Əmək haqqı əvəzinə verilən malların, işlərin və xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimləndiyi halda, məcburi dövlət sosial sığorta haqqı həmin məhsulların (işlərin, xidmətlərin) dövlət tərəfindən tənzimlənən qiymətləri ilə ifadə olunan dəyərinə uyğun hesablanır.

Sığortaedən işçinin (sığortaolunanın) «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş güzəştlər istisna olmaqla xərclərinin (yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakının, həyatının, sağlamlığının və sairənin sığortası üzrə sığorta xərclərinin və digər bu kimi xərclərinin) əvəzini ödədiyi halda, ödənilən vəsaitin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur.

Bütün növ icbari və könüllü tibbi sığorta və 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası istisna olmaqla digər sığorta növləri üzrə sığortaedənin sığortaolunanın xeyrinə ödədiyi sığorta haqları ilə sığorta ödənişi  arasındakı fərq kimi alınan gəlirdən məcburi dövlət sosial sığorta haqqı ödəniş mənbəyindən tutulur.

İşçinin əmək fəaliyyəti ilə bağlı sığortaedənə olan borcu və ya öhdəliyi bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur.

 

Məcburi dövlət sosial sığortasına cəlb olunmayan gəlirlər

Aşağıdakı gəlirlər məcburi dövlət sosial sığortasına cəlb olunmurlar:

  • iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;
  • qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri;
  • işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;
  • əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;
  • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;
  • təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;
  • aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;
  • məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri;
  • Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri; 
  • sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər;
  • muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği);
  • yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;
  • dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;
  • sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;
  • dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya; 
  • rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqı;
  • fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müddətində);
  • əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr;
  • ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar; 
  • "hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə verilən və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən təminat xərcliyinə (pul təminatına) daxil edilməyən ödənişlər;
  • əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar. 

        Məcburi dövlət sosial sığorta haqqı

    Məcburi dövlət sosial sığortasında sığorta haqqı  əmək ödənişinə  (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.         

     Məcburi dövlət sosial sığorta haqqı:         

- seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər üçün-hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 22 faizi miqdarında;

 - mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvlərinin  hər biri üçün (alınan əmlak və torpaq payı  hesabına  şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının :

         torpaqların 1-ci keyfiyyət qrupu üzrə  -12  faizi,

         torpaqların 2-ci keyfiyyət qrupu üzrə  - 8  faizi,     

         torpaqların 3-cü keyfiyyət qrupu üzrə - 4 faizi,     

         torpaqların 4-cü keyfiyyət qrupu üzrə -  2 faizi miqdarında;

         ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edən şəxslər üçün - hesablanmış əmək haqqının 20 faizi miqdarında ;

 - Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər üçün - hesablanmış əmək haqqının 3 faizi miqdarında;

- vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün- gəlirlərinin 20 faizi miqdarında;

- müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

- mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla)  ödəmə mənbəyindən tutulmaqla - gəlirlərin 25 faizi miqdarında;

- xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən Azərbaycan Respublikasının vətəndaşları üçün- ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 80  faizi   miqdarında ödənilir.

Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki  şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki  şəxslər isə 20 faizi məbləğinin:

Bakı şəhərində 100 faizi,

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,

respublika tabeli digər şəhərlərdə 80 faizi,

 rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,

kənd yerlərində 50 faizi  miqdarında məcburi dövlət sosial sığorta haqqı  ödəyirlər.

Ailə kəndli təsərrüfatının hər bir üzvü üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

     Məcburi dövlət sosial sığorta haqqının ödəmə müddəti

Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir.

Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı ayın 15-dək ödənilir. 

 Bank orqanlarında hesaba malik olmayan sahibkarlar məcburi dövlət sosial sığorta haqqını təsdiq olunmuş mədaxil qəbzləri əsasında, eləcə də bank orqanları və ya poçtamt vasitəsilə nağd qaydada ödəmə yolu ilə DSMF orqanlarının hesabına köçürürlər.

 

 
 

 Məcburi dövlət sosial sığorta haqları üzrə uçot və hesabat

Sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının və ödənilməsinin uçotu aparılmalıdır.

Sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb və hər il hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər.

Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

İllik hesabat hər il üçün növbəti ilin mart ayının 1-nə kimi təqdim edilməlidir.

Sığortaedənlər hesabatları elektron qaydada təqdim etmək imkanlarına malikdirlər. Bunun üçün əvvəlcə DSMF-nin rəsmi saytına (www.sspf.gov.az) daxil olub “Elektron xidmətlər” bəndini və “interaktiv xidmətlər” bölməsində isə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məlumatların təqdim olunması”  xidmətini seçilməlidir.  Ekranın sağ tərəfində “Kömək”  düyməsini basmaqla qeydiyyatla bağlı zəruri məlumatları əldə edin, daha sonra “Yeni istifadəçinin qeydiyyatı” düyməsini basmaqla ərizə formasını elektron formada doldurulmalıdır. Qeydiyyatdan keçirdikdən sonra istifadəçi kodunu, parolu və şifrəni almaq üçün uçotda aparılan DSMF-nin yerli orqanına müraciət edilməlidir. İstifadəçi kodu, parol və şifrə alındıqdan sonra DSMF-nin rəsmi saytına (www.sspf.gov.az) daxil olub “Elektron xidmətlər” bəndini və “interaktiv xidmətlər” bölməsində isə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məlumatların təqdim olunması”  xidmətindən istifadə edərək hesabatlar müvafiq qaydada tərtib edilə və elektron qaydada göndərilə bilər.

 Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları                         

 Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanı kimi aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdir:

sığortaedənlərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığortası üzrə uçota durma qaydalarını pozmalarına görə, o cümlədən uçota durmadıqda həmin dövr ərzində hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə, - sosial sığorta haqqının 5 faizi məbləğində, hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, iyirmi iki manat miqdarında; 

sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə görə — hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, qırx dörd manat miqdarında;

sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə -azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində

sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarının başqa məqsədlər üçün istifadə edilməsinə görə - sərf olunmuş vəsaitlərin 50 faizi məbləğində;

mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin əməyin ödənilməsinin ölkə üzrə müəyyən edilmiş minimum məbləğindən az əmək haqqı ödənilməsinə görə - faktiki ödənilən əmək haqqı ilə minimum əmək haqqı arasındakı fərqin 50 faizi məbləğində;

mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi olmadan işləyənlər olduqda və ya müqaviləsi olduğu halda hesabatdan gizlədildikdə) hər işçiyə görə - sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında; 

məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun tutulmasına dair məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamlarını icra etmədiyinə görə, eləcə də hesablaşma və digar hesablar üzrə köçürmə əməliyyatlarının aparılması qanunvericiliyə uyğun olaraq dayandırıldığı müddətdə köçürmə əməliyyatı apardığına görə -  ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin 10 faizi miqdarında bank və ya digər kredit təşkilatlarına ;

bu Qanunun 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda-aparılmış məxaric əməliyyatlarının 10 faizi miqdarında; 

məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat olmadan sığortaedənlərə (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) hesablaşma hesabı və ya digər hesablar açdığına görə-hər açılmış hesab üçün bank və ya digər kredit təşkilatlarına dörd yüz qırx manat məbləğində;

sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə-gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya. 

Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına penya həmin məbləğin sığortaedənə hesablandığı gündən tətbiq edilir.

Maliyyə sanksiyaları üzrə borclar bu Qanunun 14-cü maddəsinə uyğun olaraq tutulur. 

Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir. 

             

 İnzibati cərimələr və cinayət məsuliyyəti

Sığortaedənlər  Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (257-2.-ci maddə, 246-cı maddə) əsasən aşağıda göstərilən hüquq pozuntularına görə inzibati məsuliyyətə cəlb olunurlar:

  • məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə- 

 
                 fiziki şəxslər- 20 manat

 vəzifəli şəxslər- 30 manatdan 50 manatadək

  • az miqdarda (2000 manatadək) məcburi dövlət sosial sığorta haqlarının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə-

inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 30 faizindən 70 faizinədək cərimə

Sığortaedənlər  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (213.1-ci maddə) əsasən aşağıda göstərilən hüquq pozuntularına görə cinayət məsuliyyətinə cəlb olunurlar:

  • xeyli miqdarda (2000 manatdan 50000 manatadək) məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 2000 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə;
  • külli miqdarda (50000 manatadan yuxarı) məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə.

 

 

 

ətraflı
2435
201855
16632628