24 May 2017Çərşənbə
XƏBƏR LENTİ

Sahibkarlar üçün


SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏR MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA HAQQINI NECƏ ÖDƏMƏLİDİRLƏR?


 

 

Məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri 

 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri hesab olunurlar. 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olub özü-özlərini sığortaedən fiziki şəxslər - əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə etməyərək fəaliyyətlərini müstəqil surətdə öz riski ilə həyata keçirən və əsas məqsədi mənfəət əldə edilməsi olan fiziki şəxslərdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olub əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə edən fiziki şəxslər sığortaedənlər hesab olunur.

 

 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə DSMF-də  uçotu

  

"Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi ilə təşkilinin təmin edilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 25 oktyabr tarixli 2458 nömrəli Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir. 

 Buna müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə Dövlət Sosial Müdafiə Fondu orqanlarında uçotu Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

 

 

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər

 

Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar.

Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar.

 

 

Məcburi dövlət sosial sığorta haqqının tutulma obyekti

 

 

Muzdlu əməklə və sahibkarlıq fəaliyyəti ilə bağlı olan gəlirlər məcburi dövlət sosial sığorta haqqının tutulma obyektidir.

 

Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə aşağıdakılar aiddir:  

  • muzdlu işlə bağlı olan gəlir-əmək ödənişi; 
  • muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir-sahibkarlıq fəaliyyətindən gəlir.

 

  Əmək ödənişi və digər gəlirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün növ əmək haqqı və əmək haqqına əlavələrin növləri (mükafat, məzuniyyət haqqı və s.), sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir və digər ödənişlər aiddir. 
  Sığortaedən əməyin natura formasında ödənişini həyata keçirdikdə, yəni əmək haqqı əvəzinə mallarını, işlərini və xidmətlərini işçiyə (sığortaolunana) verdikdə, məcburi dövlət sosial sığorta haqqı həmin məhsulların (işlərin, xidmətlərin) bazar qiyməti ilə ifadə olunan dəyərinə (məsələn, kənd təsərrüfatı sahələrində işləyənlərə taxıl, meyvə və s. şəklində, tikiş fabrikində işləyənlərə parça şəklində, karamel fabrikində işləyənlərə qənnadı məmulatları şəklində, çörək məmulatları müəssisəsində işləyənlərə çörək şəklində və s. ödənilən məhsulların dəyəri) uyğun hesablanır.

   Əmək haqqı əvəzinə verilən malların, işlərin və xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimləndiyi halda, məcburi dövlət sosial sığorta haqqı həmin məhsulların (işlərin, xidmətlərin) dövlət tərəfindən tənzimlənən qiymətləri ilə ifadə olunan dəyərinə uyğun hesablanır. 

  Sığortaedən işçinin (sığortaolunanın) "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş güzəştlər istisna olmaqla xərclərinin (yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakının, həyatının, sağlamlığının və sairənin sığortası üzrə sığorta xərclərinin və digər bu kimi xərclərinin) əvəzini ödədiyi halda, ödənilən vəsaitin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur. 

  Bütün növ icbari və könüllü tibbi sığorta və 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası istisna olmaqla digər sığorta növləri üzrə sığortaedənin sığortaolunanın xeyrinə ödədiyi sığorta haqları ilə sığorta ödənişi  arasındakı fərq kimi alınan gəlirdən məcburi dövlət sosial sığorta haqqı ödəniş mənbəyindən tutulur.

  İşçinin əmək fəaliyyəti ilə bağlı sığortaedənə olan borcu və ya öhdəliyi bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur. 

 

Məcburi dövlət sosial sığortasına cəlb olunmayan gəlirlər

 

Aşağıdakı gəlirlər məcburi dövlət sosial sığortasına cəlb olunmurlar:

 

  • iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;
  • qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri; 
  • işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;
  • əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri; 
  • istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;
  • aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;
  • sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər;
  • muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, divident, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği) ; 
  • yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;
  • sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;
  • əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr. 

 

        Məcburi dövlət sosial sığorta haqqı 

        

 Məcburi dövlət sosial sığortasında sığorta haqqı  əmək ödənişinə  (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.                

  Məcburi dövlət sosial sığorta haqqı:          

 

- başqasını sosial sığorta edən şəxslər üçün- hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizimiqdarında; 

 

- əmək müqaviləsi (kontraktı) ilə işləyənlər üçün - hesablanmış əmək haqqının 3 faizi miqdarında;

 

  Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki  şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 50 faizi məbləğinin,digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki  şəxslər isə 20 faizi məbləğinin: 

Bakı şəhərində 100 faizi,

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,

respublika tabeli digər şəhərlərdə 80 faizi,

 rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,

kənd yerlərində 50 faizi  miqdarında məcburi dövlət sosial sığorta haqqı  ödəyirlər.

 

  Fərdi qaydada sahibkarlıq (və ya  əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqını özü-özləri üçün hesablayıb ödəməlidirlər. Əmək müqaviləsi (kontrakt) ilə işçi qüvvəsindən istifadə edənlər sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə məşğul olan fiziki şəxslər işçilər üçün məcburi dövlət sosial sığorta haqqını əməyin ödənişinə nisbətdə bu Qaydalarla müəyyən edilmiş dərəcələrlə ödəyirlər.

 

  Bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər əsas fəaliyyət sahəsi üzrə bu Qaydalarla müəyyən edilmiş dərəcələrlə məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əsas fəaliyyət sahəsi ümumi hasilatın (malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan vəsaitin məbləği)  həcminə nisbətdə (ən böyük xüsusi çəkiyə malik sahə əsas fəaliyyət sahəsidir) müəyyən edilir və bu barədə müvafiq təsdiqedici sənəd  DSMF orqanına təqdim olunmalıdır.

 

  Misal 1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Lənkəran şəhərində tikinti  sahəsində xidmətlə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı ( 93,5  manat) məbləğinin hər ay üçün  50 faizinin 80 faizi miqdarında, yəni

 

93,5 x 50% = 46,75 x 80% = 37,4 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

 

  Misal 2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bərdə şəhərində əhaliyə məişət xidməti ilə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (93,5 manat) məbləğinin hər ay üçün 20   faizinin 60 faizi miqdarında, yəni

 

 93,5 x 20% = 18,7 x 60% = 11,22 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

 

  Misal 3. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xaçmaz şəhərində  topdan ticarətlə və əhaliyə məişət sahəsində xidmətlə məşğuldur. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məcburi dövlət sosial sığortası məqsədləri üçün əsas fəaliyyət sahəsini müəyyən etməlidir. Əsas fəaliyyət sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən ümumi hasilatın (malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan vəsaitin məbləği)  həcminə nisbətdə müəyyən edilir. Sahibkar hesabat ayında ümumi hasilatının 70 faizini topdan ticarət sahəsində fəaliyyətindən əldə etmişdir. Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (93,5 manat) məbləğinin hər ay üçün 50 faizinin 60 faizi miqdarında, yəni

 

 93,5 x 50% = 46,75 x 60% = 28,05 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

 

  Misal 4. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bakı şəhərində pərakəndə ticarətlə məşğuldur. Əmək müqaviləsi (kontrakt) ilə 2 nəfər işçi qüvvəsindən istifadə edir.

Bu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs özü üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (93,5 manat) məbləğinin hər ay üçün 50 faizi miqdarında, yəni 

 

  93,5 x 50% = 46,75 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

 

  Eyni zamanda həmin şəxs işçiləri üçün əməyin ödənişi fondunun 22 faizi və hesablanmış əmək haqqından 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.  

 

Məcburi dövlət sosial sığorta haqqının ödəmə müddəti

 

  Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. 

  Ödəmə mənbəyindən qonorar ödəyən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı ayın 15-dək ödənilir.  

   Bank orqanlarında hesaba malik olmayan sahibkarlar məcburi dövlət sosial sığorta haqqını təsdiq olunmuş mədaxil qəbzləri əsasında, eləcə də bank orqanları və ya poçtamt vasitəsilə nağd qaydada ödəmə yolu ilə DSMF orqanlarının hesabına köçürürlər.

 

Məcburi dövlət sosial sığorta haqları üzrə uçot və hesabat

 

  Sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının və ödənilməsinin uçotu aparılmalıdır. 

  Sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb və hər il hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. 

  Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. 

  İllik hesabat hər il üçün növbəti ilin mart ayının 1-nə kimi təqdim edilməlidir.

 

  Sığortaedənlər hesabatları elektron qaydada təqdim etmək imkanlarına malikdirlər. Bunun üçün əvvəlcə DSMF-nin rəsmi saytına (www.sspf.gov.az) daxil olub “Elektron xidmətlər” bəndini və “interaktiv xidmətlər” bölməsində isə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məlumatların təqdim olunması”  xidmətini seçilməlidir.  Ekranın sağ tərəfində “Kömək”  düyməsini basmaqla qeydiyyatla bağlı zəruri məlumatları əldə edin, daha sonra “Yeni istifadəçinin qeydiyyatı” düyməsini basmaqla ərizə formasını elektron formada doldurulmalıdır. Qeydiyyatdan keçirdikdən sonra istifadəçi kodunu, parolu və şifrəni almaq üçün uçotda aparılan DSMF-nin yerli orqanına müraciət edilməlidir. İstifadəçi kodu, parol və şifrə alındıqdan sonra DSMF-nin rəsmi saytına (www.sspf.gov.az) daxil olub “Elektron xidmətlər” bəndini və “interaktiv xidmətlər” bölməsində isə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məlumatların təqdim olunması”  xidmətindən istifadə edərək hesabatlar müvafiq qaydada tərtib edilə və elektron qaydada göndərilə bilər.

 

               

Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları 

                         

   Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanı kimi aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdir:

  • sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə görə – hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, şərti maliyyə vahidinin 40 misli miqdarında;
  • sığortaedənlərin  məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə - azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində; 
  • sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarının başqa məqsədlər üçün istifadə edilməsinə görə – sərf olunmuş vəsaitlərin  50 faizi məbləğində;
  • bu Qanunun 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda- aparılmış məxaric əməliyyatlarının 10 faizi miqdarında;
  • sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə – gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində  penya.  

  Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına penya həmin məbləğin sığortaedənə hesablandığı gündən  tətbiq edilir.      

Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.

 

 

                İnzibati cərimələr və cinayət məsuliyyəti

 

Sığortaedənlər  Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (257-2.-ci maddə, 246-cı maddə) əsasən aşağıda göstərilən hüquq pozuntularına görə inzibati məsuliyyətə cəlb olunurlar:

 

  • məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə-

 

fiziki şəxslər- 20 manat

vəzifəli şəxslər- 30 manatdan 50 manatadək

 

  • az miqdarda (2000 manatadək) məcburi dövlət sosial sığorta haqlarının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə- 

 

inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 30 faizindən 70 faizinədək cərimə

 

  Sığortaedənlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (213.1-ci maddə) əsasən aşağıda göstərilən hüquq pozuntularına görə cinayət məsuliyyətinə cəlb olunurlar:

 

  • xeyli miqdarda (2000 manatdan 50000 manatadək) məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 2000 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə;  
  • külli miqdarda (50000 manatadan yuxarı) məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə.

 

3018
182496
15259244