19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

Uşağa qulluğa görə müavinət

14px12px

Uşağa qulluğa görə müavinət


Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluq sosial sığorta hadisəsi hesab olunur və uşağa qulluğa görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür.
Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluğa görə müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir. 

Uşağa qulluğa görə müavinət almaq hüququ olan şəxslər


Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluğa görə müavinət almaq hüququ vardır. 

Uşağa qulluğa görə müavinətin verilməsi dövrü və maliyyələşmə mənbələri

Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə müavinət verilir. 
Çernobıl qəzası nəticəsində şüa xəstəliyinə tutulmuş, bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslərə uşağa qulluq üzrə qismən ödənişli məzuniyyət üçün müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinətdən iki dəfə artıq məbləğdə ödənilir. 

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir.

Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə məzuniyyətin başa çatdığı günün sonrakı günündən başlayaraq təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına onun arzusuna görə tam və ya hissə-hissə təqdim oluna bilər.

Ananın stasionarda müalicə olunması ilə əlaqədar uşağa qulluq edə bilməməsi hallarında da uşağa qulluq edilməsinə görə məzuniyyət həmin qaydada rəsmiləşdirilir. Bu zaman müavinət uşağın anasına verilməyən müddət üçün faktiki ona qulluq edənə ödənilir.

Əgər qadın uşağa qulluq edilməsinə görə məzuniyyətin rəsmiləşdirilməsi üçün vaxtında müraciət etməmişdirsə, onda keçmiş dövr üçün müavinət müraciət edildikdə verilir və bu zaman müraciət müddəti məhdudlaşdırılmır.

Əgər qadın uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət vaxtı öz arzusuna görə tam olmayan iş vaxtı ilə və yaxud da evdə işləyirsə, habelə istehsalatdan ayrılmaqla təhsilini davam edirsə, bu zaman onların müavinət almaq hüququ saxlanılır.

Müəyyən olunmuş qaydada övladlığa götürülmüş uşaqlara qulluq edilməsinə görə müavinət ümumi əsaslarla verilir.  

Əgər uşaq məktəbəqədər uşaq müəssisəsində (körpələr evi, uşaq bağçası) yerləşdirilmişdirsə, belə hallarda məzuniyyət təqdim edilmir və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət təyin edilmir. 

Üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət dövründə müəssisənin ləğv edilməsi ilə əlaqədar işdən azad olan qadınlara uşağa qulluq edilməsinə görə müavinət rəsmiləşdirilmiş müddət üçün verilir. 
      

Müavinətin təyin edilməsi və verilməsi


Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluğa görə müavinət sığortaolunanlara  Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin sürəti təqdim olunmalıdır.
Müdiriyyətin müavinət təyin edən komissiyası məzuniyyət verilməsi barədə qərara əsasən, uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması haqqında komissiyanın iclas protokolunda qeyd edilməklə qərar qəbul edir.
Tam olmayan ay üçün müavinət ananın məzuniyyətdə olduğu həmin aydakı təqvim günlərinə mütənasib qaydada verilir.
Uşağın öldüyü hallarda, işəgötürən tərəfindən ona bu barədə məlumat daxil olduğu gündən sonra 1 iş günü ərzində qeydiyyatda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanına bu barədə məlumat verilir və müavinətin verilməsi ölən gündən sonrakı gündən dayandırılır. 
Uşağa qulluq edilməsinə görə müavinətdən icra sənədləri üzrə tutulmalar aparılır.

Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir. 
Sığortaedən uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinətin alınması üçün uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrinin verildiyi aydan sonrakı ayın 5-dək verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.

Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinətin alınması üçün uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamından) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti  əlavə olunmalıdır. 
 Dövlət Sosial Müdafiə Fondu orqanları 5 iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.
Sosial sığorta ödəmələrinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu orqanına müvafiq sənədlərlə birgə Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab təqdim edilməlidir.   

Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.  

Artıq verilmiş müavinət məbləği, müavinət alan şəxsdən müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanının müraciətinə əsasən işəgötürən tərəfindən müavinət alan şəxsin əmək haqqından  tutulur. 
Hər belə halda tutulan məbləğ işçinin əmək haqqının 20 faizindən çox olmamalıdır. Artıq  ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür. 
Əgər işçi həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır.

Müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.

Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.

Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri yoxlanılmaq üçün cari ildə və yoxlanılan ildən qabaqkı bir təqvim  ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə  aşkar edildikdə yoxlanılır.

Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı  komitəsinə  şikayət edilə bilər. 

                                                           

                                                              Uşağa qulluğa görə müavinətin miqdarı


Azərbaycan Respublikası Prezidentinin «Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında» 2013-cü il 23 avqust tarixli 3082 nömrəli Sərəncamı ilə 1 sentyabr tarixindən etibarən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat miqdarında müəyyən edilmişdir.



 

 

 






59831 - dəfə oxunulub
2339
201759
16632532