19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

Hamiləliyə və doğuma görə müavinət

14px12px

                                                                                                        


                                                            Hamiləliyə və doğuma görə müavinət 
 


 Hamiləlik və doğum sosial sığorta hadisəsi hesab olunur və hamiləliyə və doğuma görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.

 Hamiləliyə və doğuma görə müavinət hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir.
 
                                                                                     

                                                     Hamiləliyə və doğuma görə müavinəti almaq hüququ olan şəxslər

 
 Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin hamiləliyə və doğuma görə müavinəti almaq hüququ vardır.
 
 Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin aylıq maksimal həddi yaşa görə əmək  pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz.
      
 Misal. Aylıq qazancı 2000 manat olan şəxs üçün 22 iş günündən ibarət aya görə müavinətin (yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat olduqda)  gündəlik maksimal həddi 113,63 ((100 manat*25)/22) manatdan artıq ola bilməz.

 Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan işəgötürənlərdə işləyən şəxslərin  hesablanmış Hamiləliyə və doğuma görə müavinət hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı  olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.
     
 Misal. 
Aylıq qazancı 2000 manat olan şəxs üçün 22 iş günündən ibarət aya görə müavinətin (yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat olduqda)  gündəlik maksimal həddi 13,63 ((100 manat*25)/22)*12% manatdan artıq ola bilməz.
                                                                            
                                                                                                      
  Hamiləliyə və doğuma görə müavinətin hesablanması və maliyyələşmə mənbələri

 

Hamiləliyə və doğuma görə məzuniyyət üçün verilən müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür.

 

Əməkhaqqı əvəzinə işçiyə verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu işçinin qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür.

 

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

 

Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əməkhaqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

 

Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir.

 

Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır:

  • əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
  • hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü;
  • uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü;
  • məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər.

 

Gündəlik müavinətin məbləği orta gündəlik qazanc və bu Əsasnamə ilə müəyyən edilən miqdarlar (faiz nisbətləri) nəzərə alınmaqla müəyyən edilir və onun maksimal həddi bu Əsasnamənin 3-cü hissəsinin dördüncü abzasında müəyyən edilmiş aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır.

 

Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır

 

Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.

  

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi, hamiləliyə və doğuşa görə məzuniyyətdən başqa, qalan bütün hallarda iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) məbləğindən artıq olmamaq şərtilə, faktiki qazanc nəzərə alınır və müavinətin aylıq məbləği iki aylıq vəzifə maaşı və ya ikiqat tarif dərəcəsi məbləğindən artıq ola bilməz.

  

Vəzifə maaşı və ya tarif dərəcəsi almayan işçilərə bu Əsasnamədə nəzərdə tutulan hallarda müavinətin hesablanması üçün əməkhaqqı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə müvafiq peşə və ixtisasa malik işçinin əməkhaqqına uyğun olaraq müəyyən edilir.

 

Sosial sığorta qanunvericiliyi ilə məcburi dövlət sosial sığorta haqqını fərqli qaydada (ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına, gəlirlərinə (əməkhaqqı istisna olmaqla) və ya qonorara nisbətdə) ödəyən və iş vaxtının uçota alınması mümkün olmayan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanarkən qazanc kimi qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri (minimum aylıq əməkhaqqı, qonorar və s.) əsas götürülür. Bu zaman vəkilin, notariusun, sərbəst auditorun və sərbəst mühasibin müavinətin hesablanması üçün götürülən orta gündəlik qazancı səlahiyyətli orqanın (Dövlət Statistika Komitəsinin) məlumatı üzrə əvvəlki ildə respublikanın regionları üzrə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əsasında müəyyən edilən orta gündəlik qazancın məbləğindən artıq olmamalıdır. Belə şəxslərə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında 6 ay ərzində qanunvericiliklə müəyyən edilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqını hesablayıb qanunvericiliklə müəyyən edilmiş müddətdə ödədikdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda, hesablanıb verilir.

Müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir. 

Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar. 

Mükafatların ümumi məbləği bölünən aylarda işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə tam işləmədiyi aylar, hamiləliyə və doğuma görə verilən məzuniyyət, uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət, hərbi təlim toplanışlarında olan, yaxud başqa müəssisəyə işə göndərilən müddət nəzərə alınmır. Əgər hesablama üçün 3 aydan az müddət götürülürsə, onda hər ayda rüblük mükafatın üçdə bir hissəsindən çox olmayan məbləğ hesaba alınır. 

Müəssisənin illik fəaliyyətinin yekununa görə əməyin ödənilməsi fondundan mükafatlar və uzun müddət işləməyə görə verilən birdəfəlik mükafatların bütün hallarda on ikidə bir hissəsi aylıq əmək haqqına əlavə olunur. 

Əgər işçi əvvəlki təqvim ilinin çox hissəsini və ya bütün ili Əsasnamədə (30-cu bənd) göstərilmiş səbəblərdən işləməmişdirsə, onda həmin işçi üçün mükafatın orta aylıq məbləği keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilər üçün nəzərdə tutulmuş qaydada müəyyən edilir. 

Misal: Qadın hamiləliyinə və doğuma görə məzuniyyətə 2005-ci ilin dekabr ayında çıxmış və uşaq yaşyarımına çatanadək işləməmişdir. 2006-cı ilin avqust ayında işə başlamış və 2007-ci il iyul ayında xəstələnmişdir. Belə halda ona orta aylıq mükafat 2006-cı ilin avqust ayından 2007-ci ilin iyul ayına qədər olan dövrdə hesablanmış mükafatı nəzərə almaqla müəyyən edilməlidir. 

Hamiləliyə və doğuma görə məzuniyyət dövründə işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir. 

Əgər uşağa qulluq edilməsinə görə məzuniyyət zamanı (o cümlədən əmək haqqı saxlanılmadan məzuniyyət zamanı) qadın hamiliyə və doğuma görə məzuniyyətə çıxarsa, onda bu halda da müavinət vəzifə maaşlarının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir. 

Hamiləliyə və doğuma görə məzuniyyət iş zamanı baş vermişsə və müəssisə, sex, şöbə dayandığı vaxtda da davam edirsə, bu zaman müavinət həmin peşə və ixtisas işçilərinə bu müddət üçün verilən qazancın miqdarından verilir, bu halda müavinət, həmin işçinin ümumi qaydalar üzrə ala biləcəyi müavinətdən artıq olmamalıdır. 

Əmək haqqına əlavə vəsait alan və yaxud müvəqqəti olaraq başqa yerdə olduğuna görə əmək haqqına yüksəldilmiş əmsal alan işçiyə hamiləliyə və doğuma görə müavinət onun əlavə vəsaiti yaxud da yüksəldilmiş əmsalı almalı olduğu günə kimi və yaxud da müvəqqəti olduğu yerdən qayıtmalı olduğu günə kimi həmin əlavə vəsaiti və yaxud da yüksəldilmiş əmsalı nəzərə alınmaqla hesablanır. 

Ümumi təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində  və işçiləri əmək haqqı üzrə onlara bərabər tutulan digər təhsil müəssisələrində (istər bir, istərsə də bir neçə) çalışan müəllimlərə və tərbiyəçilərə müavinət, pedaqoji iş üçün verilən həqiqi qazancdan hesablanır. Bu zaman faktiki qazanca hamiləliyə və doğuma görə məzuniyyətin başlandığı günədək tariflə müəyyən olunmuş pedaqoji iş saatları üçün verilən haqq, pedaqoji iş üçün verilən əlavə haqq (sinif rəhbəri vəzifəsini yerinə yetirmək üçün, şagirdlərin yazı işlərini yoxlamaq üçün, kabinə, laboratoriya və şöbə müdirliyi üçün, təcrübə işlərinə rəhbərlik etmək üçün və s. üçün), habelə müəyyən edilmiş qaydada təsdiq olunmuş və dərs cədvəlində nəzərdə tutulmuş saat hesabı üçün haqq daxil edilir. Məktəbəqədər, məktəbdənkənar və digər uşaq müəssisələrində (istər bir, istərsə də bir neçəsində) çalışan pedaqoji işçilərə müavinət hesablanarkən bütün iş yerlərindəki həqiqi pedaqoji iş saatları üçün əmək haqqı, pedaqoji iş üçün əlavə haqq nəzərə alınır. 

Əsasnamədə göstərilən təhsil müəssisələrində, məktəbdənkənar və digər uşaq təhsili müəssisələrində, eyni zamanda müəssisədə (idarədə) müəllimlik edən və ya digər pedaqoji işi aparan rəhbər və başqa işçilərə müavinət pedaqoji iş (müəllimlik) saatlarının haqqı da daxil olmaqla bütün qazancdan hesablanır. 
Səhiyyənin müalicə-profilaktika və sanatoriya-epidemiologiya idarələrində, uşaq evlərində, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, tibbi-sosial ekspert komissiyalarında, məhkəmə tibb ekspertizasında işləyən tibb və əczaxana işçilərinə, habelə Qızıl Aypara cəmiyyətlərində çalışan şəfqət bacılarına müavinət bütün iş yerləri üzrə həqiqi iş qazancından hesablanır.

 

Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxslərə müavinət ümumi qaydalar üzrə verilir. Göstərilən şəxslərə hamiləliyə və doğuma görə müavinət məhkəmənin hökmü ilə təyin olunmuş məbləğ çıxıldıqdan sonra qazancdan hesablanır. 

 Müavinətin məbləği təyin edilərkən sosial sığorta stajı sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınmaqla hesablanır


                                                            
                                                                 Hamiləliyə və doğuma görə müavinətin dövrü

 

Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. 

Kənd təsərrüfatı istehsalatının taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, kartofçuluq, yemçilik, tingçilik, bağçılıq, südçülük, Donuzçuluq, qoyunçuluq, quşçuluq, atçılıq, baramaçılıq, arıçılıq, xəzlik heyvan və dovşanların yetişdirilməsi və bağçılıq sahələrində bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət aşağıdakı müddətlərdə verilir: 
• normal doğumda 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü);
• doğum çətin olduqda 156 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 86 təqvim günü); 
• iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 110 təqvim günü). 

Uşaq salmağa görə müavinət ümumi əsaslar üzrə verilir. 

Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. 

Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir. 

Bu zaman müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün verilir. 

Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir. 

2 aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğumdan sonra müəyyən edilmiş 56 günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər. 

Həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilmir. 

Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.

                                                           Müavinətin təyin edilməsi və verilməsi 
 
Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir. 

Hamiləliyə və doğuma görə müavinət sığortaolunanlara Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir. 

Hamiləliyə və doğuma görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış təqdim olunmalıdır. 

Təqdim olunmuş sənədlərə əsasən müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiya iclasının protokoluna qeyd edilməklə qərar qəbul edir. 

Hamiləliyə və doğuma görə müavinət doğumdan əvvəlki dövrdə həqiqi istifadə edilmiş günlərin sayından asılı olmayaraq, cəmləşdirilmiş məzuniyyətin bütün müddətinə verilir. 

Hamiləliyə və doğuma görə müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.   
Sığortaedən hamiləliyə və doğuma görə müavinətin alınması üçün müraciət olunduğu aydan sonrakı ayın 5-dək verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir. 

Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) hamiləliyə və doğuma görə müavinətlərin alınması üçün xəstəlik vərəqələrinin surəti və Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab əlavə olunmalıdır. 
Dövlət Sosial Müdafiə Fondu orqanları 5 iş ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə 
Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır. 

Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir. 

Artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanının müraciətinə əsasən işəgötürən tərəfindən müavinət alan şəxsin əmək haqqından tutulur. 

Hər belə halda tutulan məbləğ işçinin əmək haqqının 20 faizindən çox olmamalıdır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür. 

Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. 

Hamiləliyə və doğuma görə müavinətlərdən məhkəmənin qərarı ilə aliment və ailə başçısının şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına və ya ölümünə səbəb olan zərərin ödəniş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur. 

Hamiləliyə və doğuma görə sığortaolunanın öldüyü günədək almadığı müavinət mərhumla birgə yaşayan ailə üzvünə, habelə əmək qabiliyyətini itirmə nəticəsində ölənin himayəsində olan şəxsə verilir. 

Vəfat etmiş sığortaedənin ölən günədək almadığı müavinəti onun vərəsələrinin almaq hüququ vardır. 

Əmək qabiliyyətini müvəqqəti itirmə nəticəsində ölənin himayəsində olan şəxslərə o şəxslər aid edilir ki, onlara ölən tərəfindən əvvəllər hər ay aliment verilmiş olsun və yaxud da onun əmək haqqından müəyyən edilmiş məbləği almış olsun. Himayədə olmanı icra vərəqəsi və yaxud da himayədə olanın xeyrinə ölən şəxsin əmək haqqından müəyyən məbləğdə tutulmalar barəsində müəssisənin mühasibatlığında olan ölən şəxsin ərizəsi təsdiq edə bilər. Bu barədə Dövlət Sosial Müdafiə Fondu orqanına məlumat verilməlidir. 

Belə hallarda ödənilməli olan müavinətin məbləğindən alimentin məbləği və yaxud aylıq köçürmənin müəyyən olunmuş məbləği çıxılır, yerdə qalan müavinətin məbləği ölən şəxsin ailə üzvlərinə verilir. 

Alınmamış müavinətlər vərəsəlik əmlakına daxil edilmir. 

Hamiləliyə və doğuma görə müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır. 

Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. 

Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır.  

Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri yoxlanılmaq üçün cari ildə və yoxlanılan ildən qabaqkı bir təqvim ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə aşkar edildikdə yoxlanılır. 

Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinə şikayət edilə bilər.
 
             
 





104341 - dəfə oxunulub
2454
201874
16632647